KADIROVUN AZƏRBAYCANLI HƏKİMİ NECƏ YOXA ÇIXIB? – “Deyirlər ki, ailəsilə Bakıya gedib...”
Çeçenistan lideri Ramzan Kadırovun şəxsi həkimi kimi tanınan, Çeçenistanda Səhiyyə naziri və Baş nazirin müavini vəzifələrini tutmuş Elxan Süleymanov ötən ilin oktyabr ayından yoxa çıxıb. Rusiyada populyar olan "ВЧК-ОГПУ" kanalı Süleymanovun taleyilə bağlı maraqlı məlumat paylaşıb. Xəbərdə deyilir ki, Süleymanov gözlənilməz şəkildə nazir vəzifəsindən azad olunmamışdan bir neçə gün əvvəl Ramzan Kadırovun səhhətinin qəfil pisləşməsi səbəblərini və onun müayinələrinin nəticələrini Almaniyadakı tanıdığı mütəxəssislərlə müzakirə edibmiş. Bundan sonra qəfil yoxa çıxan E.Süleymanovun dostlarına deyiblər ki, o, Bakıya gedib: “Həmin vaxtdan dostlarına deyirlər ki, Elxan Süleymanov ailəsi ilə birlikdə Bakıya gedib, elmlə məşğul olur və heç kimlə ünsiyyət qurmaq istəmir”. Lakin Çeçenistandakı mənbələr Süleymanovun artıq çoxdan qətlə yetirildiyini bildirirlər. Belə ki, Kadırov səhhətinin pisləşməsində şəxsən Süleymanovdan şübhələnib. Süleymanovun onu zəhərlədiyini düşünən Kadırovun hətta Süleymanovu diri-diri torpağa basdırdığını iddia edirlər. Bu xəbəri nə təsdiq, nə də təkzib edən faktlar olmasa da, uzun zaman Kadırova ən yaxın və Çeçenistanda ən hörmətli adamlardan biri sayılan Süleymanovun qəfil yoxa çıxması və ondan indiyə qədər heç bir sorağın olmaması ciddi şübhələrə əsas verir. Onu da qeyd edək ki, E.Süleymanov Kadırovun ətrafındakı çox az sayda intellektual və peşəkar adamlardan biri olub. O, 1974-cü ildə Azərbaycanın Göyçay rayonunda anadan olub. Azərbaycan Tibb Universitetini bitirən Süleymanovun milliyətcə ləzgi olduğu bildirilir. “AzPolitika.info”