İnzibati xəta törədən şəxsin foto və videolarını yayanların NƏZƏRİNƏ
Son dönəmlər inzibati xəta törədən şəxslərin şəkillərinin, videolarının sosial şəbəkələrdə, bir sıra media subyektlərində yayımlanması müzakirə olunur. Bildirilir ki, inzibati xəta törədən şəxs cinayətkar deyil, heç kim hansısa vətəndaşı, yaxud tanınmış şəxsin inzibati xətasını bu cür ictimailəşdirə bilməz, dünya ölkələrində belə hallara çox ciddi yanaşılır. Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Rəşad Əliyev Pravda.az-a açıqlamasında məsələnin qanuni tərəflərini izah edib. Vəkil bildirib ki, inzibati xəta haqqında iş üzrə məlumatların yayılmasının yolverilməzliyi İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsində təsbit edilib: “Bu maddənin tələbinə görə, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan həmin foto və ya videoçəkiliş, səsyazma materialları mediada yayımlana bilməz. Həmçinin inzibati xəta haqqında iş üzrə məlumatlar yalnız icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın, vəzifəli şəxsin, belə məlumatlar zərərçəkmiş şəxsin şəxsi maraqlarına toxunduqda isə zərərçəkmiş şəxsin icazəsi ilə və onların mümkün hesab etdikləri həcmdə elan oluna bilər”. R.Əliyevin sözlərinə göər, Konstitusiyanın 32-ci - şəxsi toxunulmazlıq hüququnu müəyyən edən maddəsində hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ təsbit edilib: “Və öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Həmçinin bu maddənin tələbinə görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə, eləcə də video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.