Daha bir insident: Bu dəfə iqtidardan olan millət vəkilini döydülər
Cənubi Koreyada hakim Xalq Gücü Partiyasından olan millət vəkili Bae Hyun-jin paytaxt Seulda küçənin ortasında naməlum şəxsin hücumuna məruz qalaraq yaralanıb. Mediaxeberleri.AZ xəbər verir ki, Bae küçədə gedərkən bir nəfər ona yaxınlaşaraq “Siz millət vəkili Bae Hyun-jinsiniz?”- deyə soruşub. Daha sonra təcavüzkar deputatın başının arxasına bərk əşya ilə zərbə endirərək xəsarət yetirib. Hücumdan sonra xəstəxanaya aparılan Baenin həyatı üçün təhlükə olmadığı bildirilib. Hadisə yerində saxlanılan hücumçunun kimliyi açıqlanmayıb. Qeyd edək ki, Cənubi Koreyanın əsas müxalifətçi Demokratik Partiyasının lideri Li Jae-Myunq da 3 həftə əvvəl hücuma məruz qalıb. O, Pusan şəhərinə səfəri zamanı mətbuatın suallarını cavablandırarkən, avtoqraf almaq adı ilə ona yaxınlaşan şəxs kəsici alətlə onun boynuna xəsarət yetirib. Hücumdan sonra xəstəxanaya yerləşdirilən Linin həyati təhlükəsi olmadığı açıqlanıb və evə buraxılıb. Polis şübhəlinin Lini öldürməyi planlaşdırdığını etiraf etdiyini bildirib.