İranda matəm elan edildi - YENİLƏNİB + VİDEO
İran hökuməti general Qasım Süleymaninin dəfn olunduğu Kirman şəhərindəki qəbiristanlıq yaxınlığında baş vermiş iki partlayışda həlak olanlar üçün yanvarın dördü ölkə daxilində matəm günü elan edib. Son məlumatlara görə, partlayışlar nəticəsində azı 103 nəfər həlak olub, 188 nəfər yaralanıb. Mənbə: TASS 18:32 İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb. Bu barədə Kirman şəhər fövqəladə hallar idarəsinin rəisi bildirib. Onun sözlərinə görə, yaralı sayı 141 nəfər təşkil edir. Məlumata görə, birinci partlayış SEPAH-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb. Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib. Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var. Mənbə: TASS 17:20 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 73-ə çatıb. Bu barədə İran mətbuatı xəbər yayıb. Qeyd olunub ki, son məlumata görə, yaralı sayı 170-dən çoxdur. 17:00 Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində qurbanların sayı 50-yə çatıb. Məlumatı Kerman valiliyinin rəsmisi də təsdiq edib və əlavə edib ki, 70 nəfərdən çox yaralanan var. Yerli hakimiyyət orqanları hadisəni terror aktı adlandırıblar. 16:32 Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində azı 20 nəfər həyatını itirib. Bu barədə Kirman Fövqəladə Hallar İdarəsinin rəisi məlumat verib. O əlavə edib ki, baş verən partlayış nəticəsində 15 nəfər yaralanıb. 16:18 İranın Kirman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda partlayış baş verib. Xəbəri İran mətbuatı yayıb. Partlayışın səbəbi hələlik məlum deyil. Məlumat üçün əlavə edək ki, insanlar bu gün Qasım Süleymaninin ABŞ-nin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülməsinin dördüncü ildönümünü qeyd etmək üçün toplaşıblar. Mənbə: Tasnim