Yeni il gecəsi atılan fişənglər bəzi əraziləri işıqsız qoydu
“Azərişıq” ASC-yə məxsus yarımstansiyanın transformatorunun qoruyucusu və beş müxtəlif ərazini elektrik enerjisi ilə təchiz edən 35 kV-luq əsas xətt, həmçinin 6 kV-luq yeraltı kabellərin zədələnməsi nəticəsində Abşeron və Binəqədi rayonlarının bir hissəsinin elektrik enerji təchizatı dayandırılıb. “Report”un əldə etdiyi məlumata görə, bu, vətəndaşların atdığı fişəng nəticəsində baş verib. Bu səbəbdən 31 dekabr saat 23:55-dən etibarən Abşeron rayonu Mehdiabad qəsəbəsinin və Binəqədi rayonunun Gülüstan qəsəbəsinin bir sıra ətraf küçələrində elektrik enerjisi təchizatı dayanıb. “Azərişıq” ASC-dən bildirilib ki, hadisədən dərhal sonra əraziyə təmir-bərpa briqadası göndərilib: “Qeyd edilən ərazilərdən 199 saylı Çağrı mərkəzinə daxil olan zənglər əsasında əraziyə dərhal təmir-bərpa briqadası göndərilib. Gecədən səhər saatlarına qədər görülən işlər nəticəsində artıq üç xəttin fəaliyyəti bərpa edilib. Yaxın saatlarda digər ərazilərdə də elektrik enerjisinin verilməsi bərpa ediləcək”.