FİDE reytinqi: Azərbaycanın 5 şahmatçısı irəliləyib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2024-cü ilin ilk reytinq siyahısı açıqlayıb. “Report” xəbər verir ki, Azərbaycanın 5 şahmatçısı yanvarın cədvəlində irəliləyib. Şəhriyar Məmmədyarov hesabındakı 2726 xalla iki pillə irəliləyərək, 24-cü yerə yüksəlib. Teymur Rəcəbov (27-ci yer, 2723 xal) mövqeyində qalıb. İlk “100-lük”dəki digər şahmatçımız Rauf Məmmədovda da irəliləmə müşahidə olunub. R.Məmmədov 2651 xalla 87-ci pillədə yüksəlib. Nicat Abasov isə siyahını tərk edib. Reytinqə son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2830) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2804) qərarlaşıb. Bu ölkənin digər qrossmeysteri Nikaru Nakamura (2788) ilk “üçlüy”ü qapayıb. Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 26-cı, Ülviyyə Fətəliyeva (2384) 64-cü pilləyə yüksəliblər. Gövhər Beydullayeva (2374) 77-ci yerdə qalıb. Gülnar Məmmədova da (2351) 97-ci pilləyə irəliləyib. Xanım Balacayeva isə bir addım geriləyib (99-cu yer, 2350 xal). Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. Hindistandan olan Xampi Koneru (2554) ikinci pilləyə yüksəlib. FİDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2553) üçüncüdür.