Güclü külək: FHN əhaliyə xəbərdarlıq etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) mövcud hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib. Nazirlikdən bildirilib ki, hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur və əsən güclü küləyin dekabrın 25-dək davam edəcəyi proqnozlaşdırılır. "Belə hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin", - nazirlikdən bildirilib.