Uşaqlar arasında yayılan qorxulu xəstəlik daha bir ölkədə müəyyən olundu
İtaliyalı həkimlər ölkədə “mycoplasma pneumoniae” bakteriyasının törətdiyi pnevmoniyaya ilk yoluxma hallarını müəyyən ediblər. Bu barədə İtaliya Ali Sağlamlıq İnstitutu xəbər verib. Qurumun məlumatına görə, xəstəlik Peruca şəhərində respirator əlamətləri ilə xəstəxanaya yerləşdirilən iki uşaqda təsdiqlənib. Bununla belə, institut “mycoplasma pneumoniae” patogeninin uzun müddətdir cəmiyyətdə dolaşdığını və qlobal miqyasda pnevmoniya hallarının 10-20%-nə səbəb olduğunu vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Çin, ABŞ, Danimarka, Fransa, Niderland və Almaniya vətəndaşları arasında mikoplazma pnevmoniyasının yayıldığı xəbəri verilmişdi. Xəstəlik əsasən 5-12 yaşlı uşaqlara təsir göstərir. “Mycoplasma pneumoniae” xəstələrdə bir neçə həftə davam edən öskürəyə səbəb olur. Xəstələrdə, həmçinin qızdırma, baş ağrısı və bədən səpgiləri müşahidə olunur. Mənbə: Gazeta.ru