Yanvarın 1-dən etibarən siqaretlə bağlı bu qanun ləğv edilir
Yeni Zelandiyada 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulmuş insanlara siqaretin satıla bilməyəcəyini bildirən qanun başlamadan ləğv ediləcək. Mediaxeberleri.Az xəbər verir ki, gələcək nəsillərin siqaret çəkməsinin qarşısını almaq üçün qanunu qəbul edən Yeni Zelandiyanın yeni hökuməti bu planı ləğv edir. Keçmiş Baş nazir Casinda Ardernin dövründə 2022-ci ildə qüvvəyə minən və 2024-cü ilin iyulunda tətbiq olunmağa başlaması gözlənilən qanun, 2009-cu il yanvarın 1-dən sonra doğulan hər kəsə siqaretin satılmasının qarşısını almağı hədəfləyir. Qanunda tütün məmulatlarının tərkibindəki nikotinin miqdarının azaldılıb qiymətlərinin artırılması və ölkədə tütünün satıldığı yerlərin sayının 6 mindən 600-ə endirilməsi kimi maddələr də yer alırdı. Ölkənin yeni koalisiya hökumətinin baş naziri Kristofer Luxon ilk olaraq kürsüdə and içdikdən sonra, bu qanunu ləğv edəcəyini açıqlayıb. Yeni maliyyə naziri Nikola Uillis, tütün satışından əldə edilən gəlirin koalisiyanın vergi endirimlərini maliyyələşdirəcəyini söyləyib. Yeni Zelandiyada ölümlərin üçdə biri siqaret, içki və qeyri-sağlam qidalanma səbəbindən baş verir. Ən böyük təsiri isə yerli Maori xalqı üzərində göstərir.