İndiki təhsil sistemi sosial ədaləti təmin edə bilmir - TƏNQİD
Müşahidələr onu göstərir ki, bir qisim insanlar Sovet təhsilin indiki təhsillə müqayisədə daha uğurlu keyfiyyətə malik olduğunu qeyd edirlər. Buna görə də müasir təhsil sistemində təhsilin keyfiyyəti ilə bağlı narazı fikirlər səslənir. Bəs insanlarda bu düşüncəni formalaşdıran nədir? Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib ki, bütün ideoloji təhsil sistemləri həmişə daha uğurlu olub: “Bu proses indidə belədir. Dünyanın ən uğurlu məktəbləri ideoloji məktəblər hesab edilir. Kilsə məktəbləri, mədrəsələr və s. Bəs onlar niyə uğurlu hesab edilir? Çünki həmin məktəblər müvafiq bir ideoloji xətt istiqamətində fəaliyyət göstərirdilər. Sovet təhsil ideoloji bir təhsil sistemidir. Həmin dövrdə Moskvada, Politbüroda alınan qərarlar Oxutkənd, Danaçı, Mal binəsi orta məktəbində o cümlədən, Moskvadan Azərbaycanın bütün kəndlərinə qədər eyni ideologiya, bütün təhsil müəssisələrinə yansımalı idi. Həmin ideologiyanın ötürülməsi üçün məktəblər bir alət, müəllimlər isə vasitəyə çevrilmişdi. Bu “müqəddəs” vəzifənin dayışıyıcıları əlbəttə öz işlərini canla-başla yerinə yetirməli idilər”. Ekspert Sovet və indiki təhsil sistemini müqayisə edib: “Müasir sistem təhsil alanları sanki çaş-baş qoyur. Sovet dövründə şagirdlərin bir kitabı, tək məlumat mənbəyi var idi. İndi isə şagirdlər bir fənni öyrənmək üçün onlarla kitab oxumalı olur. Belə olduqda əlbəttə ki, qarışıqlıq baş verir. Şagirdlər və müəllimlər arasında bəzən təzadlar meydana gəlir. Çünki bir çox hallarda şagirdin prioriteti ilə müəllimin və dövlətin prioriteti üst-üstə düşməyə bilir. Bəs indiki dövrün təhsil sistemində hansı üstünlüklər var? Sualına gəlsək, hesab edirəm ki, Sovet dövründə tək-tük insanın inkişaf etməsi üçün xüsusi imkanlar yaradılırdı. Daha sonra həmin insanlar böyük vəzifələrə gəlirdi. İndiki dövrdə isə hər bir şagirdin özünəməxsus dühası var və onu kəşf etmək lazımdır. O dövrün təhsili eliti, yəni, ən yaxşını seçirdi. Hazırkı dövrün təhsilində əsas məqsəd bütün gəncləri qabağa çəkmək, hamının bir məsafə qət etməsini təmin etməkdir. Bəs, müasir dövrün təhsili təməl prinsiplərdə yazılan məsələni icra edə bilirmi? Əslində tam da edə bilmir. Niyə edə bilmir? Çünki həm özəl məktəblər, həm dövlət məktəbləri, həm də repetitorluq fəaliyyəti mövcuddur. Belə olduqda isə insanlar arasında bərabərsizlik yaranır”. Q.Məhərrəmov son olaraq qeyd edib ki, təhsil sosial ədaləti təmin edə bilmir: “Hər kəsə məlumdur ki, zəngin övladları yüksək təhsil aldıqları üçün daha savadlı olurlar. Lakin imkansız ailələrin uşaqları əksər hallarda müəyyən qədər onlardan geri qalır. Adətən imkanı zəif olan ailələrin övladlarının arzusu Bakıda, zəngin övladlarının arzusu isə Amerikada, İngiltərədə və s. oxumaqdır. Hazırkı təhsil sistemi sosial ədaləti təmin edə bilmir”.