Sahibsiz itlər 5 nəfəri dişlədi - VİDEO
Səhər işə gedən sakin bir neçə itin hücumu ilə üzləşir. İtlər onu dövrəyə alır, dişləyir. Həmin şəxs heyvanlardan uzaqlaşmağa çalışsa da, bu, asan olmur. Nəhayət, çətinliklə də olsa, xilas ola bilir. Görüntülər dünən səhər Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Qobu Park yaşayış massivində çəkilib. Hadisəni binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Əraziyə yollandıq, hücuma məruz qalan şəxslərlə danışdıq. Sakinlərin sözlərinə görə, həmin səhər binaların həyətində ümumilikdə beş nəfəri it dişləyib. Elgün Adıgözəlov və Ruslan İsmayılov da it dişləyən şəxslərdəndir. Zərərçəkənlərin sözlərinə görə, hadisədən sonra onları Kliniki Tibbi Mərkəzə aparıblar. Burada müayinədən keçib, onlara vaksin vurulub. Bədənlərinin müxtəlif nahiyələrindən xəsarət alan sakinlər yaşadıqları qorxunu hələ də unuda bilmirlər. Sakinlər bildirirlər ki, bu, massivdə ilk belə hadisə deyil. Onların sözlərinə görə, ərazidə sahibsiz itlərin sayı artır. Xüsusilə səhər erkən və axşam saatlarında həyətə çıxmağa ehtiyat edirlər. Uşaqlarını məktəbə göndərən valideynlər də narahatdırlar. Deyirlər ki, müxtəlif qurumlara müraciət ediblər, amma nəticə olmayıb. Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.





















