Havanın çirklənməsi ilə bağlı XƏBƏRDARLIQ: Qanda xərçəng riski ilə əlaqəli dəyişikliklər tapıldı
Tədqiqatçılar qanın tərkibində havanın çirklənməsi və gələcəkdə ağciyər xərçənginə tutulma riski ilə əlaqəli dəyişikliklər aşkar ediblər. Mediaxeberleri.Az xəbər verir ki, elmi tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub. Mütəxəssislər 1 357 nəfərin qan nümunəsini araşdırıblar. Onlardan 671 nəfərə sonradan ağciyər xərçəngi diaqnozu qoyulub. Araşdırma zamanı səkkiz metabolitin həm çirkli havanın təsiri, həm də sonrakı xərçəng riski ilə əlaqəli olduğu müəyyənləşdirilib. Bu dəyişikliklərdən bəziləri diaqnoz qoyulmazdan bir neçə il əvvəl müşahidə edilib. Alimlərin bildirdiyinə görə, aşkar edilən dəyişikliklər iltihab, oksidləşdirici stres, toksinlərin zərərsizləşdirilməsi və enerji mübadiləsi prosesləri ilə əlaqəlidir. Bununla belə, alimlər vurğulayırlar ki, məhz bu molekulların xərçəngə səbəb olduğunu hələlik qəti şəkildə demək mümkün deyil. Söhbət yalnız statistik əlaqədən gedir. Tədqiqatın nəticələri gələcəkdə ağciyər xərçəngi riski yüksək olan insanları müəyyənləşdirməyə imkan verən xüsusi qan analizinin hazırlanmasına kömək edə bilər. Bu, xüsusilə siqaret çəkməyən insanlar üçün əhəmiyyətli ola bilər.





















