Qaymaq faydalıdır, yoxsa zərərlidir? - vacib xəbərdarlıq
Süddən hazırlanan ənənəvi süd məhsullarından olan qaymaq zəngin qida dəyərinə malik olsa da, yüksək yağ və kalori tərkibinə görə normadan artıq istehlak edilməməlidir.
Mediaxeberleri.Az bildirir ki, qaymaq zülal, A və D vitaminləri, kalsium və fosfor kimi faydalı qida maddələri ilə zəngindir. Tərkibindəki sağlam yağlar orqanizmi enerji ilə təmin edir, uzun müddət toxluq hissi yaradır və yağda həll olan vitaminlərin mənimsənilməsinə kömək edir.
Qaymaq doymuş yağlarla zəngin olduğu üçün həddindən artıq istehlakı qanda LDL ("pis") xolesterinin artmasına, ürək-damar xəstəlikləri riskinin yüksəlməsinə və çəki artımına səbəb ola bilər. Bu səbəbdən yüksək xolesterin, piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri olan şəxslərə qaymağı məhdud miqdarda istehlak etmək tövsiyə olunur.
Mütəxəssislər sağlam şəxslər üçün gündə 1-2 çay qaşığı (5-10 qram) qaymağın kifayət etdiyini bildirirlər. Bundan əlavə, açıq satılan və pasterizə olunmamış qaymaq qida mənşəli infeksiyalar riski daşıya biləcəyindən yalnız etibarlı mənbələrdən alınması tövsiyə edilir.





















