“Ukrayna 9 may atəşkəsinə əməl etməyəcək” - “Moskva bir daha göstərdi ki...”
Ukrayna Rusiyanın 9 may paradı ilə bağlı elan etdiyi 8-9 may atəşkəsinə riayət etməyəcək. Medıaxeberlerı.Az xəbər verir ki, bunu Ukrayna Müdafiə nazirinin müşaviri Sergey Sternenko ötən gecə baş verən hücumlardan sonra deyib. Belə ki, Rusiya Volodimir Zelenskinin elan etdiyi atəşkəsi pozub. Sternenko paylaşımında yazıb: "Ruslar atəşkəsi pozaraq Ukraynaya bir sıra hücumlar təşkil ediblər. Təcavüzkarın bu hərəkətləri Putinin 9 may üçün elan etdiyi "atəşkəs"i ləğv edir. Ukrayna Xarici işlər naziri Andrey Sibiqa isə “Telegram”-da yazıb ki, Rusiyanın Ukraynaya qarşı 108 dron və üç raketdən istifadə etdiyi hücumları gecə boyu davam edib. O cümlədən səhər saatlarında Xarkov və Zaporojyeyə zərbələr endirilib. Nazir qeyd edib ki, "Moskva bir daha digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən hərbi əməliyyatlara son qoymaq üçün real və ədalətli çağırışı qulaqardına vurub". Qeyd edək ki, Zelenski mayın 5-dən 6-na keçən gecə saat 00:00-dan etibarən atəşkəs elan edib. O deyib ki, Ukrayna tərəfi Rusiya atəşkəsi pozarsa, bunun qarşılığını verəcək. Bundan əvvəl Rusiya 8-9 may tarixlərində birtərəfli qaydada atəşkəs elan etmişdi. Müvafiq açıqlamanı Rusiya Müdafiə Nazirliyi verib. Bəyanatda deyilir ki, Ukrayna parada hücum etsə, Rusiya Kiyevin mərkəzinə raket zərbələri endirəcək.





















