"Dövlət vəsaitlərini mənimsəmək üçün “briqada” yaradıblar" - Tanınmış aktyordan ağır İTTİHAMLAR
“Dolu” filmində canlandırdığı qəhrəman və barışmaz obrazı ilə yaddaşlara “Drakon” kimi həkk olunan tanınmış aktyor və rejissor Rza Rzayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) rəhbərliyini hədəfə alaraq, qurumun fəaliyyəti ilə bağlı sərt ittihamlar irəli sürüb. Sənətçi öz sosial şəbəkə hesabında ittifaqın fəaliyyətini dövlətçilik üçün təhlükə mənbəyi adlandırıb. R.Rzayev AKİ rəhbərliyinin Mədəniyyət Nazirliyinə alternativ bir “mini nazirlik” yaratdığını və dövlət vəsaitlərini mənimsəmək üçün müxtəlif sxemlərdən istifadə etdiyini bildirib: “AKİ-də vəzifə tutanlar kino sənətinə aid olan bütün sahələrdə QHT-lər təsis edərək özləri üçün bir “briqada” yaradıblar. Onlar Mədəniyyət Nazirliyinin vəsaiti hesabına çəkilən filmləri rayon klublarında nümayiş etdirir, bununla da “gözdən pərdə asırlar”. AKİ ləğv olunmalı, ona ayrılan maliyyə birbaşa film çəkilişlərinə yönəldilməlidir”. Rejissor həmçinin qurum rəhbərliyini siyasi xəyanətdə günahlandırıb: “Bu gün AKİ-də vəzifə tutanların 95 faizi “anti-Əliyevçi”dir, yəni cənab İlham Əliyevi prezident görmək istəməyənlərdir! Həmin şəxslərin 2013-cü ildəki mövqeləri və tutduqları “yol xəritəsi” dediklərimi təsdiq edir! Özlərinə qarşı təhlükə hiss edəndə birləşib kollektiv tənqidə keçir, guya kinonun təəssübünü çəkirlər”. Sonda Rza Rzayev bu mövzunun çox dərin olduğunu və yaxın gələcəkdə daha ətraflı faktlarla çıxış edəcəyini vurğulayıb (Yenicag.az)





















