Gürcüstanda etiraz aksiyası - Maaşlarını ala bilməyən soydaşlarımızın şikayəti - VİDEO
Gürcüstanın Qardabani rayonunda yaşayan soydaşlarımız etiraz aksiyası keçiriblər. Buna səbəb 50-yə yaxın işçinin artıq üç aydır ki, çalışdıqları inşaat şirkətindən əməkhaqlarını ala bilməmələridir. Meediaxeberleri.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. Paytaxt Tbilisi şəhərində yanvardan şirkətdə fəaliyyətə başlayan işçilər yalnız bir dəfə ödəniş aldıqlarını, bir qismi isə ümumiyyətlə əməkhaqqı almadıqlarını deyir. Şikayətçilərdən biri problemin mahiyyətini belə izah edib: "Yanvarın 10-dan gəldik bura işə. Bizə dedilər ki, fasad işlərini görəcəksiniz. Ayın 15-dən 15-nə pulunuz veriləcək. Fevralın 15-nə qədər aylığımızı vermədilər. Bizə az bir miqdarda avans verdilər. Dedilər ki, işlərinizi bəyənmişik, davam edin. Martda pulumuzu tələb edəndə dedilər ki, bu gün veriləcək, sabah veriləcək. Dünən söhbətə qalxanda dedilər ki, guya pulu direktora veriblər. Yəni bizim başımıza belə oyun açırlar. Ortaya çıxan, məsuliyyət daşıyan yoxdur". "Arke" şirkətinə məxsus inşaatın qarşısına toplaşaraq etiraz aksiyası keçirənlər arasında əməkhaqlarını ala bilməyən gürcü işçilər də var. İnşaat şirkətinin nümayəndələri işçilərin etirazına cavab olaraq, onların gördükləri işin qarşılığında əməkhaqqının ödənildiyini bildirib.





















