ABŞ, İsrail və İran arasında iki həftəlik atəşkəs razılaşmasının açıqlanmasından sonra Tehranda minlərlə insan meydana çıxaraq gecə boyu yürüş və aksiyalar keçirib. Beynəlxalq mediada yayılan görüntülərdə İran bayraqları qaldıran kütlənin həm sevincli, həm də sərt siyasi mesajlar verdiyi görünür.
Mediaxeberleri.Az Yeni Sabah-a istinadən xəbər verir ki, Tehrandakı aksiyalarda ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilib, hər iki ölkənin bayraqları yandırılıb.
Küçələrə çıxan hökumətyönlü nümayişçilər “Amerikaya ölüm, İsrailə ölüm, güzəştə gedənlərə ölüm!” kimi şüarlar səsləndiriblər.
Hadisələrin fonunda əsas məqamlardan biri də atəşkəsin İran daxilində “uğur” kimi təqdim olunması olub. Küçələrə axışanların bir hissəsi bunu Tehranın geri çəkilməməsi və təzyiqlərə baxmayaraq mövqeyini qoruması kimi qiymətləndirib.
Görüntülərdə nümayişçilərin İranın ali lideri kimi təqdim olunan Müctəba Xameneinin posterlərini daşıdığı da əks olunub.
Atəşkəsin özü isə ABŞ Prezidenti Donald Trampın 7 aprel 2026-cı ildə İrana qarşı bombardmanın iki həftəlik dayandırılacağını açıqlamasından sonra gündəmə gəlib. Reuters yazır ki, bu qərar vasitəçilərin təklifi əsasında verilib və əsas şərtlərdən biri Hörmüz boğazının təhlükəsiz açılması olub. Tehrandakı gecə aksiyaları da məhz bu gərgin atmosferdə baş tutub.