ABŞ İran neftinin ixracı və satışı üçün lisenziya verdi
ABŞ Maliyyə Nazirliyi martın 20-nə qədər tankerlərə yüklənmiş İran xam neftinin və neft məhsullarının ixracına və satışına icazə verən müvəqqəti lisenziya buraxıb. Mediaxeberleri.Az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib. Qeyd olunur ki, lisenziya Bakı vaxtı ilə dünən saat 8:00-dan gec olmayaraq gəmilərə yüklənmiş İran neftinin satışı, çatdırılması və ya boşaldılması üçün zəruri olan bütün əməliyyatlara icazə verir. İcazə aprelin 19-na qədər qüvvədədir. Şimali Koreya, Kuba, eləcə də Ukraynanın işğal olunmuş ərazilərindəki şirkətlərin iştirakı ilə bağlanan sövdələşmələr istisna edilib. Qərar Yaxın Şərqdəki hərbi əməliyyat səbəbindən dünya enerji daşıyıcılarının qiymətlərinin kəskin artması ilə əlaqədar qəbul olunub. Qeyd edək ki, martın 19-da enerji daşıyıcılarının qiymətlərində kəskin sıçrayış baş verib. London ICE birjasında "Brent" markalı neftin dəyəri martın 9-dan bəri ilk dəfə bir barel üçün 119 dolları keçib.





















