KİV: Tramp Yaxın Şərqdəki müharibəni tezliklə başa çatdırmaq niyyətində deyil
"ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki silahlı münaqişəni tezliklə başa çatdırmaq niyyətində deyil. İrana qarşı əməliyyat hələ ən azı bir neçə həftə davam edə bilər". Mediaxeberleri.Az xəbər verir ki, bu barədə nüfuzlu "The Wall Street Journal" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, ABŞ liderinin bəzi müşavirləri onu əməliyyatı başa çatdırmağa inandırmağa çalışır. "Tramp İrana müttəfiq qüvvələrlə zərbələr endirməyə davam etmək niyyətindədir. Bu, prezidentin ABŞ Silahlı Qüvvələrinin qarşıya qoyulmuş vəzifələri demək olar ki, yerinə yetirməsinə dair rəsmi bəyanatlarına ziddir. Pentaqon əməkdaşları hesab edir ki, döyüş əməliyyatları hələ ən azı bir neçə həftə davam edəcək. Hərbi əməliyyatın başlanması barədə qərar qəbul edərkən prezident ABŞ Silahlı Qüvvələrinin İran üzərində sürətli və qətiyyətli qələbə qazanmaq qabiliyyətinə əmin idi. Tramp 2025-ci ildə İranın nüvə obyektlərinə endirilən zərbələrdən, həmçinin Venesueladakı əməliyyatdan ilhamlanmışdı. Lakin İrana qarşı döyüş əməliyyatları ABŞ-yə həftəlik milyardlarla dollara başa gəlir. Proses uzunmüddətli və daha genişmiqyaslı regional münaqişəyə çevrilə bilər ki, bu da ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək", - deyə nəşri məlumatlandıran mənbə bildirib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.





















