Pakistan və Çindən Əfqanıstan məsələsində ortaq mövqe: İslamabad təhlükəsizlik zəmanətləri tələb edir
Pakistan Əfqanıstandan təhlükəsizliyinin təmin edilməsinə və terrorun dayandırılmasına dair zəmanətlər tələb edir. Mediaxeberleri.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Tahir Andrabi açıqlama verib. "Bu cür zəmanətlər alınmadığı üçün Pakistan öz siyasətinə davam edəcək və sərhədyanı hücumlar zamanı özünümüdafiə hüququnu özündə saxlayır", - deyə diplomat vurğulayıb. XİN rəsmisinin sözlərinə görə, Pakistan və Çin Əfqanıstan məsələsində vahid mövqe tutur ki, bu da həftə ərzində baş nazirin müavini və XİN rəhbəri Məhəmməd İshaq Darın çinli həmkarı Van Yi ilə telefon danışığında təsdiqlənib. Söhbət zamanı döyüş əməliyyatlarının davam etdiyi Pakistan-Əfqanıstan sərhədindəki vəziyyət müzakirə olunub: "Pakistan və Çin bütün məsələlərdə, o cümlədən Əfqanıstanla bağlı yekdil mövqe tutur. Ölkələrimiz Əfqanıstan üzrə beynəlxalq dialoqda iştirak edir, belə danışıqlar ikitərəfli səviyyədə, həmçinin Kabilin iştirakı ilə daim aparılır". Qeyd edək ki, dünən Pakistanın ordusu Əfqanıstan ərazisinə növbəti hava zərbələri endirib.





















