Türk dövlətlərinin XİN başçıları təcili İstanbula toplanır - MÜHÜM MÜZAKİRƏ
Martın 7-də İstanbulda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, iclasda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan nümayəndələr iştirak edəcək. Yığıncaqda təşkilat daxilində mövcud inkişafın və qarşıdakı dövr üçün planlaşdırılan addımların qiymətləndirilməsi, qlobal və regional məsələlər üzrə məsləhətləşmələrin aparılması gözlənilir. Xəbərə görə, Hakan Fidanın iclasdakı çıxışında beynəlxalq nizam daxilində sülhün və sabitliyin qorunmasındakı mövcud çətinlikləri nəzərə alaraq türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsinin strateji əhəmiyyətini diqqətə çatdıracağı gözlənilir. Bununla yanaşı, ABŞ, İsrail və İran arasında davam edən münaqişələr, üçüncü ölkələrə hücumlara son qoyulması və diplomatik yolların açılması ehtiyacının müzakirəsi planlaşdırılır. Nazirin həmçinin Pakistanla Əfqanıstan arasında gərginliyin artmasının qarşısını almaq üçün dialoq mexanizmlərinə dəstək çağırışı etməsi proqnozlaşdırılır. Xəbərdə bildirilib ki, Fidanın həmçinin Kipr türklərinin və ŞKTC-nin üzləşdiyi ədalətsiz təcrid siyasətinin aradan qaldırılmasının və Türk Dövlətləri Təşkilatının üzv dövlətləri ilə bu ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinin vacibliyini diqqətə çatdıracağı bildirilir. Görüşdə həmçinin Türk Dövlətləri Təşkilatı ilə üçüncü tərəflər arasında əməkdaşlıq imkanlarını genişləndirmək qərarına gəlinən "TDT+" mexanizmi ilə bağlı Türkiyənin vizyonu və prioritetlərinin müzakirəsi də nəzərdə tutulub.





















