Rusiyada populyar messencerlər bloklandı - Sakinlər nə deyirlər?
Rusiyada "Telegram", "WhatsApp" messencerləri və "YouTube" videohostinqi ölkə ərazisində qismən və ya tam bloklanıb. Baku TV xəbər verir ki, daha əvvəl isə Rusiya ərazisində "Facebook" və "Instagram" sosial şəbəkələri bloklanmışdı. Bu da insanlarda narazılıq yaradır, bəs dövlət nə deyir? Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, MAX hamı üçün əlçatan alternativdir, inkişaf edən, milli mesajlaşma tətbiqidir: "Vətəndaşlar üçün bazarda alternativdir. Səlahiyyətlilərimiz "Meta" korporasiyasının Rusiya qanunlarının norma və qaydalarına riayət etmək istəməməsi səbəbindən "WhatsApp"ın bloklanması ilə bağlı qərar qəbul edib". İT mütəxəssisi Anna isə yaxınları ilə necə ünsiyyət quracağını bilmədiyini söyləyib: "Bütün dostlarım və ailəm "Telegram"dan istifadə edir. Başqa platformalara keçmək istəmirəm. Əlaqədən uzaq durmalı olacağam. Milli messencer MAX-dan istifadə etməyi planlaşdırmıram". "Hər şey dəhşətli dərəcədə pis işləməyə başlayıb. Xaricdə çoxlu dostlarım var. İndi onlarla əlaqə saxlamaq mümkün deyil. Onlarla əlaqəmi, demək olar ki, itirmişəm. Hətta dostların ölür və sən bunu bilmirsən", - deyə Moskva sakini Aleksandr bildirib.





















