Seymur Orucov Ağstafanın Qıraq Kəsəmən kəndində növbəti dəfə vətəndaşları dinləyib
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Son illər rayonda, o cümlədən də Qıraq Kəsəmən kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini bildiriblər. Kənd yolunun asfaltlanmasını, Kür çayından su nasosunun yaxın vaxtlarda işə düşməsini, arxların betonlanıb təmir olunmasını həmin işlərin bariz nümunəsi kimi qeyd ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər. Sakinlərin Qıraq Kəsəmən kəndi ərazisində aşağı məhəllələrin yollarınn xırlanması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan məsələnin həlli istiqamətində aidiyyəti qurumlar qarşısında bir daha məsələ qaldırılacağını qeyd edib.
Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Qıraq Kəsəmən kənd tam orta məktəb binasında təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Səyyar qəbulda təklif və müraciətlə çıxış edən vətəndaşların qaldırdıqları məsələlər nəzarətə götürülüb. Hər bir müraciətə dair aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilib, məsələlərin həlli tədbirləri müəyyən edilib. 
























