Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib - VIDEO
Qazax rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Mediaxeberleri.Az xəbər verir ki, tədbir iştirakçıları Qazax rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Çıxış edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və Vətən müharibəsi iştirakçısı, “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif olunmuş İsgəndər Mustafayev gəncləri Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, ölkəmizdə gənclər üçün yaradılan imkanlar və dövlət qayğısından danışıblar. Gənclər siyasətinin həyata keçirilməsində və Qazax rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup gənc Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Fəxri fərmanları və hədiyyələri ilə təltif olunublar. Tədbir Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin təqdimatında bədii hissə ilə davam etdirilib, sonda kollektiv xatirə şəkli çəkdirilib. Tədbir Qazax Rayon İcra Hakimiyyətinin, MİHİ Qazax rayon komitəsinin, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin və “Qazax Gənclər evi” SXM-nin birgə tərəfdaşlığı ilə keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, həmçinin fəal gənclər iştirak ediblər.
























