Dörd saata yaxın davam edən Putin-Uitkoff görüşündə hansı razılıq əldə edildi?
Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşnerlə görüşü dörd saata yaxın davam edib. Mediaxeberleri.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib. Onun sözlərinə görə, amerikalılar Putinə ABŞ və Ukrayna prezidentlərinin Davosdakı görüşü barədə məlumat veriblər. Tərəflər yanvarın 23-ü Əbu-Dabidə təhlükəsizlik məsələləri üzrə Rusiya-ABŞ-Ukrayna üçtərəfli işçi qrupunun görüşünün keçirilməsi barədə razılığa gəliblər. Uşakov bildirib ki, Rusiya nümayəndə heyətinə Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov başçılıq edəcək. Uitkoff özü isə Əbu-Dabidə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşməyi planlaşdırır. Kremldəki görüşdə, həmçinin Sülh Şurası, Qrenlandiya və digər məsələlər də müzakirə olunub. Uşakovun sözlərinə görə, Rusiya tərəfi ərazi məsələsi həll olunmadan Ukraynada uzunmüddətli sülhün bərqərar ediləcəyini mümkün saymadığını və razılaşma əldə olunana qədər müharibəni davam etdirəcəyini açıqlayıb. Ümumilikdə isə o, görüşü həm Rusiya, həm də ABŞ üçün bütün hallarda faydalı adlandırıb.





















