Bakı Metropolitenində əl yüklərinə görə əlavə ödəniş NƏZƏRDƏ TUTULUB?
"Bakı Metropolitenində əl yüklərinə görə əlavə ödəniş nəzərdə tutulması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil". Bunu Mediaxeberleri.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. "Bu məlumatın nəyə əsasən yazıldığını deyə bilmərəm, amma metroda əl yüklərinin daşınması ilə bağlı hər hansı bir yenilik yoxdur. Əl yüklərinin daşınması ilə bağlı Nazirlər Kabinetinin "Bakı Metropolitenindən istifadə qaydaları" haqqında müvafiq qərarı var və həmin qərar da 2010-cu il oktyabrın 19-dan qüvvədədir. Həmin qərarda da "əlavə ödəniş" anlayışı yoxdur. Qərarın 2-ci bəndində sərnişinlərin vəzifələri aydın şəkildə sadalanıb. 2.2-ci bəndində isə göstərilib ki, sərnişinlər uzunluq, en və hündürlük ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzunölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər. Göründüyü kimi heç bir əlavə ödəniş tələbindən söhbət getmir", - deyə B.Məmmədov vurğulayıb.






















