“İRANDAKI REJİM SON GÜNLƏRİNİ, HƏFTƏLƏRİNİ YAŞAYIR” – Mertsdən sərt açıqlamalar
Almaniya kansleri Fridrix Merts İran rejiminin tezliklə süqut edəcəyinə inanır. Mediaxeberleri.Az xarici KİV-ə istinadla xəbər verir ki, Merts Hindistana səfəri zamanı İranla bağlı açıqlamalar verib. Almaniya kansleri bir daha İran hakimiyyətini nümayişçilərə qarşı zorakılığı dayandırmağa çağırıb: "Əgər bir rejim yalnız zorakılıq yolu ilə hakimiyyətə yapışa bilirsə, deməli, o, faktiki olaraq sona çatıb. İnanıram ki, biz indi bu rejimin son günlərini və həftələrini yaşayırıq". Bir gün əvvəl Merts İran təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə qarşı zorakılığını pisləyərək bunu "qeyri-mütənasib" və "qəddar" davranış adlandırıb: "Mən İran rəhbərliyini əhalisini qorumağa çağırıram, təhdid etməyə yox”. Merts dinc yolla azadlıq tələb edən nümayişçilərin cəsarətini tərifləyib. O, bunun onların haqqı olduğunu vurğulayıb. Bu arada, Avropa Birliyinin xarici işlər naziri Kaja Kallas bildirib ki, yüzlərlə insanın ölümünə səbəb olan etirazların sərt şəkildə yatırılmasından sonra AB İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər. ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi isə ABŞ-nin İrana qarşı hərbi hücum planlaşdırmadığını bildirib, lakin Trampın səbrinin sonsuz olmadığını nəzərə alaraq bu planların dəyişə biləcəyini etiraf edib.





















