BMT-nin Baş katibi Venesueladakı vəziyyətdən narahatdır
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik təşkilatın Baş katibi Antonio Quterreş adından Venesuelada baş verənlərlə bağlı bəyanatla çıxış edib. Bu barədə "Report"un ABŞ bürosu xəbər veirr. Qeyd olunub ki, Baş katib Venesuelada baş verən son eskalasiyadan, xüsusilə də bu gün ABŞ-nin ölkə ərazisində həyata keçirdiyi hərbi əməliyyatdan dərin narahatlıq keçirib. Onun sözlərinə görə, bu hadisə region üçün ciddi və narahatedici nəticələr doğura bilər. Venesueladakı vəziyyətdən asılı olmayaraq, sözügedən hadisələrin təhlükəli presedent yaratdığı vurğulanıb. Baş katib bütün tərəflərin beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinə tam şəkildə hörmət etməsinin vacibliyini bir daha diqqətə çatdırıb. O, beynəlxalq hüquq normalarına əməl olunmamasından ciddi narahatlığını ifadə edib. Bəyanatın sonunda Baş katib Venesueladakı bütün tərəfləri insan hüquqlarına və hüququn aliliyinə tam hörmət əsasında inklüziv dialoqa qoşulmağa çağırır.





















