ABŞ NATO-dan çıxa bilər? - Qanun layihəsi hazırlandı
Respublikaçı ABŞ konqresmeni Tomas Massi ABŞ-ın Şimali Atlantika Alyansından çıxmasını nəzərdə tutan HR 6508 qanun layihəsini (“NATO Qanunu”) Nümayəndələr Palatasına təqdim edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə siyasətçinin rəsmi saytında məlumat yayılıb. “NATO Soyuq müharibənin qalığıdır. Biz NATO-dan çıxmalı və bu pulu sosialist ölkələrini deyil, öz ölkəmizi müdafiə etmək üçün istifadə etməliyik. Bu ittifaq 30 il əvvəl dağılan Sovet İttifaqına qarşı durmaq üçün yaradılıb. Blokda iştirak Amerika vergi ödəyicilərinə trilyonlarla dollara başa gəlib və ABŞ-ın xarici münaqişələrdə iştirakı riskini yaratmağa davam edir. Varlı ölkələr öz müdafiə xərclərini ödəməkdən imtina etdikdə, Amerika dünya üçün “təhlükəsizlik yorğanı” olmamalıdır”, - o bildirib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə müttəfiqlərinin müdafiə xərclərinin yetərli olmaması səbəbindən ölkəni NATO-dan çıxarmaqla hədələyib.





















