DTX-nın təcridxanasındakılar: Arayik, Əli Kərimli və... - SİYAHI
Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanası Azərbaycanda ən qapalı və diqqət mərkəzində olan müəssisələrdən biridir. Burada saxlanılan şəxslərlə bağlı məlumatlar ictimaiyyət üçün həmişə maraq doğurur. “Yeni Sabah” hazırda DTX-nin istintaq təcridxanasında saxlanılan məşhur şəxsləri araşdırıb: Separatçılar: 2023-cü ilin 27 sentyabr tarixində Azərbaycan ordusunun Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirlərindən sonra qondarma rejimin keçmiş rəhbərləri saxlanılıb. Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib. Hazırda onların hamısı Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır. İcra başçıları: Qax rayonunun icra başçısı Musa Şəkiliyev bu ilin iyununda DTX tərəfindən saxlanılıb və dövlət əmlakını mənimsəmə ittihamı ilə həbs edilib. İyulda 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, oktyabrda isə bu müddət daha 4 ay uzadılıb. Balakən rayonuna başçılıq edən İslam Rzayev 30 oktyabr 2025-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb və həmin gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. 31 oktyabr 2025-ci ildə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Və onlar... Ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən AXCP sədri Əli Kərimli də DTX-nın təcridxanasında saxlanılanlar arasındadır. Əli Kərimli Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib. Siyasətçi məhkəməyə apeliyasiya şikayəti təqdim etsə də, rədd edilib. Əli Kərimli ilə birlikdə saxlanılan Məmməd İbrahim barəsində də 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib. O da Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirilir.





















