Minlərlə ukraynalı qaçqın İsraildən deportasiya oluna bilər
Ukraynadan olan ən azı 25.000 qaçqın qoruma proqramının uzadılması və yaşayış icazəsinin verilməsindəki gecikmələr səbəbilə İsraildə yaşamaq hüququnu itirə bilər. APA xəbər verir ki, bu barədə cümə axşamı “Haaretz” qəzeti məlumat verib. Qəzetin məlumatına görə, İsraildə ukraynalılar üçün yaşayış və iş icazələrinin müddəti dekabrın sonunda başa çatacaq və bundan sonra on minlərlə ukraynalı vətənlərinə deportasiya ilə üzləşəcək. Hökumət hələ proqramın uzadılıb-uzadılmayacağı ilə bağlı bir qərar qəbul etməyib. Məsələ hələ də müzakirə mərhələsindədir. Qeyd olunur ki, bir neçə insan hüquqları təşkilatı 2024-cü ilin noyabr ayında dövlət qurumlarına Ukrayna qaçqınları üçün müvəqqəti qorunmanın uzadılmasını xahiş edən ən azı üç məktub göndərib, lakin heç bir cavab alınmayıb.





















