ABŞ Ukraynanı “qaçılmaz məğlubiyyət” barədə xəbərdar edib – Nazir Kiyevdə Zelenskiyə nə deyib?
ABŞ Ordusunun naziri Den Driskollun ötən həftə Kiyevə səfəri zamanı Ukraynanı Rusiya ilə müharibədə “qaçılmaz məğlubiyyət” təhlükəsi barədə xəbərdar etdiyi bildirilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “NBC News” administrasiyadakı iki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Driskoll Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və Vaşinqtonun hazırladığı 28 maddəlik sülh planını müzakirə edib. Planda Ukrayna rəhbərliyinin əvvəllər qəbuledilməz hesab etdiyi müddəalar da yer alıb — o cümlədən Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxması və Kiyevin NATO-ya üzvlükdən imtinası kimi tələblər. Daha sonra ABŞ, Ukrayna və Aİ nümayəndələrinin iştirakı ilə aparılan danışıqlarda planın bir neçə məqamı korrektə edilib. Planın hazırkı redaksiyası hələlik ictimaiyyətə açıqlanmayıb. Bir sıra Qərb ekspertləri sülh təklifinin Moskvanın maraqlarına daha çox xidmət etdiyini bildiriblər. Vaşinqton isə planın qismən Rusiyanın təqdim etdiyi təkliflər əsasında hazırlandığını etiraf edib. Bununla belə, Kiyev sənədi tamamilə rədd etməyib və danışıqlar üçün baza kimi qəbul etdiyini bəyan edib. Prezident Zelenski də etiraf edib ki, Ukraynanın qarşısında çətin seçim var: “Ya əsas müttəfiqi – ABŞ-ni itirmək, ya da Vaşinqtonun təzyiqi altında kompromislərə getmək.” “NBC”-nin mənbələri bildirir ki, Driskoll ukraynalı rəsmilərlə söhbətində cəbhədə vəziyyətin getdikcə ağırlaşdığını vurğulayıb: “Ukrayna qüvvələri “çox çətin vəziyyətlə” üzləşib, davamlı müdafiə imkanları zəifləyib, əgər yaxın vaxtda razılıq əldə olunmasa, qaçılmaz məğlubiyyət ehtimalı böyükdür”. Driskoll həmçinin ABŞ-nin Ukraynaya silah və hava hücumundan müdafiə sistemləri tədarükünü əvvəlki səviyyədə davam etdirə bilməyəcəyini bildirib. “The Wall Street Journal” isə yazır ki, Driskoll danışıqlarda hətta kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılması ehtimalını da istisna etməyib. Nazirin özü yayılan məlumatları şərh etməsə də, ABŞ dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens xəbərdə əks olunan Tramp administrasiyasında Ukrayna məsələsində “bölünmə olduğu” iddialarını qətiyyətlə təkzib ediblər. ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl açıqlayıb ki, Driskoll yaxın zamanlarda Kiyevə yenidən səfər edəcək və Vaşinqtonun sülh təşəbbüsü ilə bağlı danışıqlar davam etdiriləcək. Açıq mənbələrə əsasən, Rusiyanın son günlərdə bir sıra bölgələrdə hücum aktivliyi artsa da, Pokrovsk istiqamətində, Kupyansk yaxınlığında və Zaporojye vilayətinin Qulyaypole bölgəsində döyüşlər ağır şəkildə davam edir. Amma ciddi cəbhə çökməsi və ya genişmiqyaslı yarılma müşahidə olunmur.





















