Hikmət Mirzəyev Əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun Atasını qəbul edib
Azərbaycan hərbi xadimi, general-polkovnik, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı, Xüsusi Təyinatlı Qüvvələrin sabiq komandanı, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev bu gün Əfsanəvi kəşfiyyatçı, Kəşfiyyatın Mixaylosu, Xüsusi Təyinatlı Qüvvələrinin Görən Gözü, Şəhid kapitan Mühüd Orucovun Atası Qurban Orucovla görüşüb. Onların səmimi söhbəti Şəhid Atasına sanki oğlunu yenidən bəxş edib. Hikmət Mirzəyev Mühüd Orucovun Xüsusi Təyinatlı Qüvvələrində misilsiz xidmətlərindən danışıb: "Mühüd əvəzolunmaz kəşfiyyatçı idi. Mühüd həm zabit kimi, həm insan kimi fərqli idi. Bütün tapşırıqları qüsursuz yerinə yetirirdi. Vətəni özündən çox sevirdi. O, hərbiçi doğulmuşdu. Vətən Müharibəsində Mühüdün yetişdirdiyi hərbiçilər böyük şücaətlər göstərdilər. Mühüd kimi oğul böyütdüyünüzə görə Sizə təşəkkür edirəm. Mühüd hər zaman mənim yadımdadır, mənim ürəyimdədir. Yaxın günlərdə Muhüdün məzarını ziyarət edəcəm". Səmimi söhbət əsnasında Qurban Orucov Mühüdün Hikmət Mirzəyevə olan hörmət və rəğbətindən söz açıb: "Mühüd Sizinlə fəxr edirdi. Evə gələndə rəhmətlik Anası soruşardı ki, bala komandirin necə adamdı? Mühüd fəxrlə deyərdi: Ana, məndən nigaran qalma. Komandirim qızıl kimi adamdı. Anası da sevinərdi". Sonda Hikmət Mirzəyev Qurban Orucovla xatirə şəkli çəkdirilib. Cənab general-polkovnik Hikmət Mirzəyev, Mühüd Orucovun hərbi xidmətinə verdiyiniz dəyərə, ailəsinə göstərdiyiniz diqqət və qayğıya görə sizə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, əməkdar müəllim, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədovun, Qazax mahalının ziyalılarının və bütün Qazaxlıların adından təşəkkür edirik. "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat xidməti





















