“Ukraynada müharibə gələn il bitməlidir” - Avropa Komissiyasının proqnozu
Avropa Komissiyası 2026 və 2027-ci illər üçün Ukraynaya maliyyə yardımı planlaşdırarkən hazırda Rusiyanın Ukraynaya qarşı davam edən işğalçılıq müharibəsinin 2026-cı ilin sonuna qədər başa çatacağını proqnozlaşdırır. Mediaxeberleri.Az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin 17 noyabrda Avropa Birliyi liderlərinə ünvanladığı məktubda belə deyilir. Avropa Komissiyası 2026-2027-ci illərdə Ukrayna üçün maliyyələşdirmə variantlarının layihəsini hazırlayarkən müharibənin 2026-cı ilin sonuna qədər başa çatacağı ehtimalından çıxış edir. "Ukraynanın maliyyə çatışmazlığının miqyası əhəmiyyətlidir. Beynəlxalq Valyuta Fondunun ilkin proqnozlarına görə, müharibənin 2026-cı ilin sonuna qədər bitəcəyini fərz etsək və Aİ və beynəlxalq tərəfdaşlar tərəfindən verilən bütün dəstəyi nəzərə alsaq, Ukrayna yenə də yeni maliyyələşdirmə olmadan həll edilə bilməyən əhəmiyyətli bir çatışmazlıqla üzləşəcək", - deyə fon der Leyen Aİ liderlərinə yazıb. O xatırladıb ki, 2025-ci ilin oktyabr ayında Avropa Şurası Ukraynanın 2026-2027-ci illər üçün təcili maliyyələşdirmə ehtiyaclarını, o cümlədən hərbi və müdafiə səylərini həll etməyi öhdəsinə götürüb. Avropa Komissiyası hesablayıb ki, Ukrayna 2026-cı ildə 71 milyard avrodan çox xarici maliyyələşdirməyə ehtiyac duyacaq, bunun 51 milyard avrodan çoxu hərbi ehtiyaclara yönəldiləcək. “AzPolitika.info”





















