Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə bağlı adı hallanan SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov barədə sensasion məlumatlar yayılıb. Mənbələr bildirir ki, 16 il ərzində SOCAR-da vitse-prezident vəzifəsində çalışan Mikayıl İsmayılov Ramiz Mehdiyevin birbaşa himayəsində olub və onun vasitəsilə dövlət neft şirkətinin iri layihələrindən əldə edilən vəsaitlərin böyük hissəsini Ramiz Mehdiyev klanına və öz şəxsi şəbəkəsinə yönləndirib. İsmayılovun fəaliyyəti dövründə milyardlarla manatın mənimsənildiyi, müxtəlif “şirkət-tender” sxemləri ilə bu pulların ölkədən çıxarıldığı qeyd olunur. Mediaxeberleri.Az-a daxil olan xüsusi mənbə məlumatına əsasən, Mikayıl İsmayılovun xaricdəki daşınmaz əmlak imperiyası da ifşa olunub. Mənbənin bildirdiyinə görə, onun təkcə Almaniyanın Düsseldorf şəhərində 28, Münxendə isə 8 mənzili var. Bu daşınmaz əmlakların bir qismi Almaniyada yaşayan, vaxtilə Türkiyəyə qarşı fəaliyyət göstərən separatçı kürd mənşəli bacanağı vasitəsilə alınmışdır. İddialara görə, həmin şəxs vasitəçi kimi çıxış edib və bu yolla Azərbaycandan çıxarılan vəsaitlərin ofşor hesanlara ötürülməsini təmin edib. Məlumata görə, İsmayılov bu əməliyyatlarda qaynı Rövşənin də köməyindən istifadə edib. Rövşən adlı şəxs vasitəsilə pulların bir hissəsi Gürcüstan və Kipr üzərindən Avropaya daşınıb. Hal-hazırda hüquq-mühafizə orqanları Mikayıl İsmayılovun digər xarici aktivləri, şirkətləri və ofşor hesabları ilə bağlı məlumat toplayır. Mənbələr bildirirlər ki, onun adının keçdiyi sənədlər arasında Azərbaycanın neft sektorunda illərlə yığılan korrupsiya pullarının izləri var. Qeyd edək ki, Mikayıl İsmayılov 2005–2021-ci illərdə SOCAR-ın vitse-prezidenti olub, uzun illər “Neftçi” İdman Klubuna və Cüdo Federasiyasına rəhbərlik edib, hal-hazırda “Ekol Mühəndis Xidmətləri” QSC-nin Direktorlar Şurasının sədridir. Ekspertlər bildirirlər ki, Balakən hadisəsi ilə başlayan bu istintaq dalğası Ramiz Mehdiyev klanının iqtisadi dayaqlarını tam şəkildə çökdürmək məqsədi daşıyır. İsmayılovun xaricdəki gizli aktivləri üzrə beynəlxalq araşdırmalar artıq başlanıb və yaxın günlərdə yeni ifşalar gözlənilir.





















