MEHDİYEVİN MEDİADAKI “KEŞİKÇİLƏRİ”... – Yenə qılıflarını dəyişərək, baş rollardadırlar
Ramiz Mehdiyev ətrafında yaranmış ajiotaj təbiidir. Uzun illər yüksək dövlət vəzifələri tutmuş, ölkədaxili siyasətdə həlledici qərarlara təsir etmək, onları yönləndirmək imkanı olan, hətta bəzən, bu qərarları özü vermiş şəxs olub. Mehdiyevin əyləşdiyi post ona hakimiyyətin bütün qollarında söz sahibi olmaqla bərabər böyük var-dövlət toplamaq imkanı verib. Mehdiyevin hakimiyyət industriyasında qəzetlərə, televiziyalara, mirzələrə, trol dəstələrinə xüsusi yer verilib. Onların qarşısına Mehdiyevin timsalında klan liderini qorumaq, vəsf etmək, onun gücünü nümayiş etdirmək vəzifələri qoyulub. Uzun illər ərzində R.Mehdiyev haqqında tənqidi fikirləri dilinə gətirmiş şəxslər bu “keşikçilər” tərəfindən linç kampaniyasına məruz qalıb. İctimai rəy hazır olandan sonra isə Mehdiyev onlarla bağlı tədbirlər görüb, kimi vəzifəsini, mandatını itirb, kimi həbsxanaya gedib, kimilərin də biznesi batıb, ailəsi, övladları təzyiqlərə məruz qalıb. “Keşikçi” redaktorlar, aparıcılar, mirzələr isə ağalarından növbəti ənamlarını alıb öz yerlərinə çəkiliblər. Maraqlıdır ki, keçmiş “boz kardinal”ın ətrafındakı hazırkı tozanaqda bu şəbəkəyə daxil olanların səsi hamıdan möhkəm çıxır. Onlar büdrədiyi ilk gündən Mehdiyevin “qabırğasına döşəyirlər”, özlərini “boz kardinal”ın qurbanları, “dövlətçiliyi klan liderinin yırtıcı caynaqlarından xilas etməyə çalışan fədailər” kimi təqdim edirlər. Özü də həyasızcasına... Çox zaman keçməyib, bir onillik əvvəl Ramiz Mehdiyevin əmri ilə ən çirkli işləri canfəşanlıqla yerinə yetirənlər qəfildən dönüb əzabkeş olublar. Adam onlardakı “istedada” mat qalır. Yəni bu dəstə cəmiyyəti bu qədər avam, unutqanmı sayır? Mehdiyev şəbəkəsindən verilən çirkli pullar hesabına aldıqları evləri, maşınları, hətta kostyumları belə dəyişmədən obrazlarını dəyişməyi bacaran bu adamların “fərasəti” adamı “heyran qoyur”... Mehdiyevçi dəstənin öz taleyindən şikayəti yoxdur, onlar üçün çox az şey dəyişib, yenə dövlətin yaratdığı media qurumlarında, maliyyələşdirdiyi layihələrdə birinci sırada əyləşib qablarını irəli uzadıblar. Lakin yuxarı dairələrdə təəssüf ki, onların yaxın keçmişinə göz atmaq istəyən yoxdur və yaratdıqları yeni obrazları qəbul olunur. Bəlkə, Mehdiyevin ətrafında aparılan istintaq zamanı xəyanətkar şəbəkədə onlara verilən rollar da ifşa olunacaq və o zaman müvafiq addımlar atılacaq... Dövlət hakimiyyətinin bütün qolları ilə yanaşı, bu sektorda da ciddi təmizləmələrə ehtiyac var. Onların qılıf dəyişdirməsi, maskalanması gələcəkdə təhlükənin daha da böyüməsinə gətirib çıxara bilər. İstisna deyil ki, hamıdan irəli çıxıb “Mehdiyevçiləri” daha uca səslə tənqid, təhqir etmək bu sistemin daxili təlimatıdır. Bu, qorunmaq, gücü əlverişli vaxtlara saxlamaq üçün məqbul variantdır. Millət vəkillərindən birinin dediyi kimi, “Mehdiyevin, Rusiyanın adamlarını onu ən çox söyənlərin içində axtarmaq lazımdır”. Rasim “AzPolitika.info”





















