Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib - FOTOLAR
İclasda ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən TAU-nun fəaliyyətində iştirak edən Türkiyənin Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ), Orta Doğu Texniki Universiteti (ODTÜ) və Azərbaycan Texniki Universitetinin rektorları iştirak ediblər. İclas çərçivəsində Türkiyə - Azərbaycan Universitetinin illik hesabatı, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilib. İclas iştirakçıları sözügedən universitetin fəaliyyətinin daha da təkmilləşdirilməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Habelə, elm və təhsil naziri Emin Əmrullayev və ölkəmizdə səfərdə olan Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar bu il Türkiyə-Azərbaycan Universitetinə (TAU) qəbul olunmuş tələbələrlə görüşüblər. Görüşdə TAU-nun tərəfdaş universitetləri olan Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTU), İstanbul Texniki Universiteti (İTU), Hacettepe Universiteti (HU) və Azərbaycan Texniki Universitetinin (AzTU) rektorları da iştirak ediblər. Görüş zamanı ali təhsil müəssisəsində tədrisin beynəlxalq standartlar səviyyəsində, həmçinin ingilis dilində aparılmasının tələbələr üçün mühüm imkanlar yaratdığı vurğulanıb. Erol Özvar və Emin Əmrullayev tələbələrin dərsləri ilə maraqlanıb, onların suallarını cavablandırıblar. Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə qəbul olunub. Dünyanın ilk “çətir universitet” modeli olan TAU-da tədris tərəfdaş universitetlərin müvafiq ixtisas proqramlarına (kompüter mühəndisliyi – ODTU, sənaye mühəndisliyi – İTU, qida mühəndisliyi – HU) uyğun olaraq ingilis dilində aparılır.Oktyabrın 20-də Türkiyə-Azərbaycan Universitetinin (TAU) Himayəçilər Şurasının 5-ci iclası keçirilib.