Yollardakı elektron tərəzilər həqiqətən yükü artıq göstərir? - Sürücülərdən ŞİKAYƏT
Yük maşınlarının sürücüləri yenə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəzarət etdiyi yollardakı elektron tərəzilərdən şikayət edirlər. İddialara görə, yük təhvil alınanda və veriləndə çəki eyni olur, amma yoldakı tərəzi artıq göstərir və nəticədə cərimə tətbiq olunur. Sual yaranır: yollardakı tərəzilərin problemi niyə həll edilmir? Mediaxeberleri.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Ağcabədidə fəaliyyət göstərən yük avtomobillərinin sürücüləri - Elnur Rüstəmov və Xəqani Quliyev yollarda quraşdırılmış elektron tərəzilərin yükü artıq hesabladığını iddia edirlər. Sürücülər bildirirlər ki, hətta tələb olunandan 500 kiloqram az yük daşısalar da, yükün 3-4 ton artıq göstərilməsi səbəbilə 600 manat cərimə olunurlar. Onlar deyirlər ki, bu hal ilk dəfə baş vermir. Əvvəllər də eyni vəziyyətlə üzləşdikləri üçün hər dəfə avtomobilin qanuni yük tutumundan aşağı yük vururlar. Amma buna baxmayaraq, elektron tərəzilərdə daşıdıqları yük artıq göstərilir. Məsələ ilə bağlı AYNA-nın Mətbuat Xidmətinin rəhbəri Tural Orucov bildirib ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən yük nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi, nəqliyyat vasitələrinin oxlarının sayından asılı olaraq müəyyən olunur. Bu məsələ Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə tənzimlənir. Nəqliyyat vasitəsinin icazə verilən ümumi çəkisi qərara əlavə edilmiş 2 nömrəli cədvəldə göstərilən hədləri aşmamalıdır. Qərarda təsbit olunan bütün meyarlar elektron tərəzilərin alqoritmində əks olunub. Nəqliyyat vasitələri elektron tərəzilərdən keçərkən həmin alqoritmlər əsasında ölçmə aparılır. Müvafiq parametrləri aşan yük nəqliyyat vasitələrinin sürücüləri barəsində isə hər hansı fiziki təmas olmadan, real vaxt rejimində inzibati tənbeh tədbirləri tətbiq edilir. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: