“Eşqi Bağırovu Agentliyə buraxmırlar, qələmi qırılıb, işdən azad olunacaq” – SENSASİON AÇIQLAMA
“Ümumtəhsil məktəblərinin tarifikasiyası təsdiq olunmamış, təqribən, on-on beş gün öncə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məcburi məzuniyyətə göndərildi. Eyni variantı Emin Əmrullayev vaxtilə elm və təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya da qarşı tətbiq etmişdi. Onu məcburi məzuniyyətə göndərmişdi və Məhəbbət Vəliyeva Nazirliyin binasına buraxılmamışdı. Aldığımız məlumata görə, ayın 12-də Eşqi Bağırov işə çıxmalı idi. Amma onu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə buraxmayıblar, hazırda da buraxmırlar. Belə çıxır, Eşqi Bağırovun da qələmi qırılıb və işdən azad olunacaq. Görünən budur ki, ona edilmiş bütün təzyiqlərə baxmayaraq, Eşqi Bağırov işdən çıxmaqla bağlı ərizə yazmır. Əvəzində də binaya buraxılmır. Yaxın günlərdə Eşqi Bağırovun müqavimətinin qırılacağı, əzinənin yazılacağı gözlənilir”. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib. “Neçə ildir, Elm və Təhsil Nazirliyində funksional mövqe mübarizəsinin şahidiyik. Bu gün də xəbər yayıldı ki, “Azqranata” şərabçılıq zavodundan daha bir kadr Təhsilin İnkişafı Fonduna gətirilib. Emin Əmrullayevin “Azqranata” şirkətinə xüsusi məhəbbəti haradandır, bilmirəm. Deməli, “Azqranata” şirkətindən kadların transferi davam edir. Yəqin ki, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə də növbəti kadr “Azqranata” şirkətindən gətiriləcək. Bütün bunların fonunda ölkə təhsilində vəziyyət çox bərbaddır. Yüzlərlə məktəbdə müəllim yeri boşdur, dərslər keçirilmir, bölgü tam aparıla bilməyib. Cədvəl hazır deyil. Tarifikasiya təsdiq olunmayıb. Nəticə etibarilə, məktəblərin fəaliyyəti iflic vəziyyətə düşüb. Onlarla bağlanan məktəbdə hələ də şagirdlərin taleyi məlum deyil. Hətta Lerik və Yardımlı kimi rayonlarda şagirdlərin onlayn tədrisə keçməsi ilə bağlı xəbərlər gəlir. Reallıq budur ki, ölkə təhsili bir dəstə kommersantın əlində oyuncağa çevrilib. Eşqi Bağırovun taleyinə də yaxın günlərdə aydınlıq gələcəyini gözləyirik…” – o bildirib.