Tramp təsdiqlədi: "İsrail və HƏMAS arasında müharibə bitdi"
ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında müharibənin bitdiyini bəyan edib. Mediaxeberleri.Az-ın Kommersant.ru-ya istinadən xəbərinə görə, bu barədə Tramp İsrail parlamentindəki çıxışından əvvəl jurnalistlərə müsahibəsində bildirib. ABŞ lideri, həmçinin HƏMAS-ın tərksilah planını yerinə yetirəcəyinə əminliyini də ifadə edib. "Bu mənim üçün böyük şərəfdir. Böyük və gözəl gün, yeni başlanğıc", - deyə Donald Tramp Knessetin qonaqlar kitabında yazıb. Donald Trampı parlamentdə İsrailin Baş naziri Benyamin Netanyahu müşayiət edir. Qeyd edək ki, Qəzza zolağında atəşkəs Donald Trampın sülh planı çərçivəsində oktyabrın 10-da qüvvəyə minib. Oktyabrın 13-də imzalanma mərasimi nəzərdə tutulub və tədbirlər Misirdə baş tutacaq. Tramp artıq səkkizinci müharibəni bitirdiyini və vəzifədə olduğu müddətdə milyonlarla insanın həyatını xilas etdiyini də bəyan edib. Trampın çıxış edəcəyi Knessetdə (İsrail parlamenti) üzərində "Tramp - sülh prezidenti" yazısı olan papaqlar paylanılıb.