Gürcüstanın 5 müxalif liderini 9 ilədək həbs gözləyir
Gürcüstan Prokurorluğu beş müxalifət xadimini dövlət çevrilişinə və hökumətin devrilməsinə çağırışda ittiham edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb. "Paata Burçuladze, Murtaza Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridzeyə qarşı ittiham irəli sürülüb", - məlumatda deyilir. Müxalifət üzvlərinin qrup zorakılığını təşkil etmək, onlara rəhbərlik etmək və bu zorakılıqda iştirak etməkdə ittiham olunublar. Prokurorluğun məlumatına görə, dövlət çevrilişi təşkil etməyə cəhd edən vətəndaşları 9 ilə qədər həbs cəzası gözləyir. Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Sakinlər şəhər və bələdiyyə merlərini, eləcə də şəhər şurasının üzvlərini seçiblər. Elə həmin gün müxalifət nümayəndələri paytaxtda etiraz aksiyası təşkil edib və bu aksiya polislə toqquşmaya çevrilib. Etirazlara “Gürcü Arzusu” partiyasının seçkilərdə qalib gəldiyini elan etməsi və Avropa İttifaqına inteqrasiya öhdəliyini dayandırmaq qərarı səbəb olub. Nümayişçilər hökumətin istefasını və regional bloka qoşulmaq üçün səylərin bərpasını tələb ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşlara qarşı dəyənək və su şırnaqlarından istifadə ediblər.