Şahin Şıxlinskinin həbsdə olan oğlunun şikayəti ilə bağlı qərar açıqlandı
Sverdlovsk Vilayət Məhkəməsi Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinskinin həbsdə qalmasına dair qərarı qüvvədə saxlayıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə region məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təqsirləndirilən şəxsin vəkili Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti versə də, Sverdlovsk Vilayət Məhkəməsi şikayətin təmin olunması üçün əsas görməyib. Beləliklə, Mütvəli Şıxlinski azı 14 dekabr 2025-ci ilədək həbsdə qalacaq. Xatırladaq ki, onun həbsinə iyulun 1-də Yekaterinburqdakı "Baku Plaza"nın yaxınlığında baş verən hadisə səbəb olub. O zaman təhlükəsizlik qüvvələri oğlu ilə avtomobilində gedən keçmiş diaspor rəhbəri Şahin Şıxlinskinin saxlanılması üçün xüsusi əməliyyat keçiriblər. Onlar "Gelandewagen"in şüşələrini sındırmağa başladıqları zaman Mütvəlinin sükanı arxasında olduğu avtomobil geriyə doğru hərəkət edib və xüsusi təyinatlını vurub.