Gürcüstanda azərbaycanlıların sıx yaşadığı kəndləri sel basıb: "Artıq daxili küçələr də su ilə dolub"
Gürcüstanın Laqodexi bölgəsində azərbaycanlıların sıx yaşadığı kəndlərdə güclü sel fəlakəti baş verib. Həyətlər, evlər və avtomobillər su altında qalıb. Mediaxeberleri.Az Xəzər TV-yə istinadla xəbər verir ki, soydaşlarımızın kompakt yaşadığı Gəncəli və Uzuntala kəndlərində vəziyyət xüsusilə ağırdır. "Kəndimizin mərkəzi küçələrində hərəkət qeyri-mümkündür. Artıq daxili küçələr də su ilə dolub", - deyə sakinlər bildiriblər. Fəlakət Qabal və Qaracalar kəndlərindən də yan keçməyib. Qabal çayının daşması nəticəsində yaşayış evləri üçün ciddi təhlükə yaranıb, bəzi evlər selin gücü ilə uçub. Təbii hadisə infrastruktur obyektlərinə də ziyan vurub. Bir sıra yollarda asfalt örtüyü tamamilə dağılıb. Onlarla həyətyanı sahə su altında qalıb, sakinlərə məxsus avtomobillər su altında qalıb və ev heyvanları tələf olublar. Laqodexi meriyasından bildirilib ki, fəlakət zonasına aidiyyəti bələdiyyə rəhbərləri baş çəkiblər. Zərərin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Əraziyə xilasedicilər və ağır texnika cəlb olunub. Hazırda intensiv bərpa tədbirləri davam etdirilir. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: