Taleh Qaraşovun başçı olduğu Lənkəran İcra Hakimiyyətindən 10 manatlıq şirkətət 2 milyon köçürülür
10 manatlıq "SAFARI"yə 2 milyonluq "abadlıq" tenderi Lənkəran Şəhər İcra Hakimiyyəti abadlıq işləri və yaşayış binalarında təmir işlərinin satın alınması üzrə keçirdiyi irimiqyaslı tender müsabiqəsinə yekun vurub. 32gun.az-ın verdiyi məlumata görə, büdcə və büdcədənkənar vəsaitlər hesabına maliyyələşən satınalma müsabiqəsinin qalibi "SAFARI" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Tərəflər arasında bağlanan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 2.000.072,42 AZN təşkil edir. Müqavilə çərçivəsində Lənkəran şəhəri ərazisində genişmiqyaslı abadlıq işlərinin və yaşayış binalarının əsaslı təmirinin həyata keçirilməsi nəzərdə tutulur. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, qalib şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5-ci döngə, ev 9, mənzil 170 (giriş 3) göstərilir. Nizamnamə kapitalı cəmi 10 AZN olan MMC-nin qanuni təmsilçisi Isazadə İqbal Mirbaba oğludur.Qeyd edək ki, "SAFARI" MMC 16 sentyabr 2020-ci il tarixində Həsənov Ramal Qənbər oğlu tərəfindən təsis edilsə də, 15 oktyabr 2021-ci il tarixində rəhbərlik dəyişərək Isazadə İqbal Mirbaba oğlunun idarəçiliyinə keçib. Xatırladaq ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur.





















