Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi
Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib. İ.Adıgözəlli 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, İlyas Xıdır oğlu Adıgözəlli 1938-ci ildə Gürcüstanın Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olub. 1957-ci ildə Sadaxlı kənd orta məktəbini bitirib. Ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsində alıb. 1963-2007-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində işləyib. Bu illərdə "Araz" radiostansiyasında şöbə müdiri (1964), baş redaktorun müavini (1969), baş redaktor (1990), "Araz" proqramının baş direktoru (1993-1997-ci illərdə), radioda şərhçi (1997-2007-ci illərdə) vəzifələrində çalışıb. 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb. 2007-ci ildən təqaüdə çıxsa da, Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayıb. Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində Jurnalistika fakültəsi tələbələrinə dərs deyib. İ.Adıgözəlli Əməkdar jurnalist Fikrət Adıgözəllinin atasıdır.