İşləməsələr də altı ay maaş alacaqlar – Qanunda mühüm dəyişiklik edilib
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında “Əmək Məcəlləsinə” təklif olunan dəyişikliklər müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Qanunvericiliyə təklif edilən yeni dəyişikliklərə əsasən, tibb mütəxəssislərinin sertifikasiya şəhadətnaməsi əldə etmələri üçün öz seçimlərindən asılı olaraq beş ildə bir dəfə imtahanda iştirak etməsi və ya elmi, pedaqoji və digər tədris fəaliyyəti ilə məşğul olmaqla davamlı peşəkar inkişafını həyata keçirməsi nəzərdə tutulur. Bununla yanaşı, illik və beşillik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün mütləq şəkildə sertifikasiya imtahanından keçməlidirlər.Deputat Vüqar Bayramovun sözlərinə görə, dəyişikliklərdə əsas məqamlardan biri sertifikasiya imtahanından keçməyən tibb işçilərinin altı ay müddətində iş yeri və aylıq vəzifə maaşının saxlanılmasıdır: “Yəni, sertifikasiyadan keçməyən vətəndaşlarımızın altı aylıq maaşı saxlanılacaq ki, onlar növbəti – ikinci imtahana hazırlaşa bilsinlər. Bu müddət ərzində onların əmək müqaviləsinə xitam verilməyəcək. Bu da o deməkdir ki, həmin vətəndaşlar sertifikasiyanın birinci mərhələsində uğur qazanmasalar da işdən azad edilməyəcəklər. Əmək müqaviləsi saxlanılmaqla özlərini yenidən sınamaq imkanı əldə edəcəklər”.