ARAZ MUSAYEVİ VURANLAR KİMDİR? - İki Azərbaycan vətəndaşı saxlanılıb
Xəbər verildiyi kimi, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev Türkiyədə bıçaqlanıb. Hadisə İFMA üzrə dünya çempionatının keçirildiyi Antalyada baş verib. Turnirdə Azərbaycandan 14 idmançı iştirak edir və nümayəndə heyətinə Araz Musayevin özü rəhbərlik edir. Mediaxeberleri.Az xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, Araz Musayevə hücumda 4 nəfərin əli var. Bunlardan ikisi hava limanında saxlanılıb. Onların Azərbaycan vətəndaşı olduqları bildirilir. Digər şübhəlilərdən biri Rusiyaya uçmağı bacarıb, dördüncüsü isə hazırda gizlənir. Onun axtarışları davam edir. Şübhəlilərin Türkiyəyə giriş tarixləri müəyyənləşdirilib və icarəyə götürdükləri avtomobillərə baxış keçirilib. Polis dörd şübhəlinin Türkiyəyə Musayevə hücumu həyata keçirmək üçün getdiyi qənaətinə gəlib. Hadisə ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kəmər polisi Araz Musayevi bıçaqlayan iki şübhəlinin taksiyə minərək hadisə yerindən qaçdığını müəyyən edib.