BABAYEV ŞÖBƏLƏRİ LƏĞV ETDİ - Nazirdən yeni təyinat
Azərbaycan Maliyyə Nazirliyi yerli bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi və onlara münasibətdə optimal idarəetmə modelinin tətbiqi məqsədilə rayon (şəhər) maliyyə idarələri və şöbələrini ləğv edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Bildirilir ki, onların bazasında ölkənin yeni iqtisadi rayon bölgüsünə uyğun şəkildə regional maliyyə idarələri formalaşdırılıb və bu idarələrin strukturu təsdiqlənib. Yeni struktur çərçivəsində Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb. O da məlu m olub ki, Nazirliyin Şimal bölgəsində Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək yaradılan Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilati işlər görülür. Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.