Ötən il Azərbaycanda 91 nəfər insan alverinin qurbanı olub
Ötən il Azərbaycanda 91 nəfər insan alverinin qurbanı olub. Mediaxeberleri.Az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üçün illik məlumatında əksini tapıb. Sənəddə qeyd olunub ki, insan alverinin qurbanı olmuş 91 Azərbaycan vətəndaşından (90-ı qadın, 1-i kişi) 53-ü Türkiyədə, 35-i Birləşmiş Ərəb Əmirliklərində, 2 nəfəri isə Qətərdə cinsi istismara, 1 nəfəri isə ölkə daxilində əmək istismarına məruz qalıb. Qurbanlardan 12-si 18-25 yaş arası, 49-u 25-35 yaşlarında, 29-u 35 yaşdan yuxarı olub. Vurğulanıb ki, insan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası da diqqətdə saxlanılıb. Onlardan 80 (əvvəlki dövrlə müqayisədə -10) nəfərinin hər birinə 700 manat birdəfəlik müavinət ödənilib, 56 (-12) nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi (İİV, QİÇS, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin edilib. Daha 18 qurban pеşə kurslаrınа yönəldilib, 9 nəfəri işlə təmin еdilib, 1 əcnəbi qurbanın repatriasiyasında, 9 qurbana şəxsiyyət vəsiqəsi və 11 qurbanın ünvanlı sosial yardım almasında, 2 uşaq qurbanın təhsilini davam etdirməsi üçün İnteqrasiya təlimli internat məktəbinə qəbul olunmasında köməklik edilib, 44 qurbanın аiləsinə qаyıdışı təmin olunub. Maraq üçün onu da vurğulayaq ki, 2005-2024-cü illər aralığında 1 441 nəfər insan alverinin qurbanı olub. Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.