Ağstafada Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş “Konstitusiyamızın yaranmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda ümumrayon tədbiri keçirilib
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilən ümumrayon tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümumrayon tədbirini giriş nitqi ilə açan RİH başçısı qeyd edib ki, hər il 10 may Ümummilli Liderin doğum günü ölkəmizdə və onun hüdudlarından kənarda xüsusi hörmət və ehtiramla qeyd edilir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik irsi Azərbaycan tarixinin bütöv bir mərhələsini əhatə edir. Bu gün Ulu Öndərin ruhu şaddır. Onun illər boyu qurduğu möhkəm təməllər, düşünülmüş siyasət və milli həmrəylik sayəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə illərlə düşmən tapdağında qalan yurd yerlərimiz azad olundu, ölkəmizin suverenliyi təmin edildi. Dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsi və s. bu kimi nailiyyətlərin təsbit olunduğu mükəmməl Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyevdir. Sonra YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Qazax- Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Oruc Mansırov, Tatlı kənd tam orta məktəbinin direktoru Fəridə Həsənova, Ağstafa Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin əməkdaşı Murad Babakişizadənin “Konstitusiyamızın yaranmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzuzunda geniş məruzələri dinlənilib. Ümumrayon tədbirin bədii hissəsində mədəniyyət və incəsənət nümayəndələrinin, müəllim və şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, xalq mahnıları və tarixi Zəfərə həsr olunmuş milli rəqslər ifa olunub.